İyulun 1-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, bəzi yerlərdə arabir 23-28 metrədək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, axşama doğru külək tədricən mülayimləşəcək. Arabir yağış yağacağı ehtimalı var.
İyunun 30-u gündüz şimal və qərb rayonlarından başlayaraq iyulun 1-i axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Mərkəzi-Aran rayonlarında intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.