logo

Əfsanəvi qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 13 il ötür

09:29 18-06-2023 | icon 2352
Əfsanəvi qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 13 il ötür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı şəhid gizir Mübariz İbrahimovun şəhidlik zirvəsinə yüksəlməsindən 13 il ötür.

YeniAvropa xəbər verir ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988 ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub . 

Düz 13 ildir ki, Mübarizin doğulub böyüdüyü Biləsuvarın Əliabad kəndindəki ata ocağı insanların ziyarətgahına çevrilib. Əslində qəhrəmanlıq zirvəsinə gedən bu yolda, Mübarizin qəlbində iz qoyan vətənpərvərlik qığılcımları elə bu ocaqda- valideynlərinin, müəllimlərinin gözü önündə qoyulub. O, əsgəri xidmətini başa vurub geri dönsə də, ürəyində olan vətən sızıltısı hələ bitməmişdi. İşğal altında olan ərazilərimizdən gələn xəbərlər onu bir an rahat buraxmırdı. Artıq fikri qəti idi, öz arzusu, ata-anasının razılığı ilə gizirlik məktəbini keçib, yenidən Vətən keşiyində dayandı. İndi qəlbində illərdi cızdığı planlarını həyata keçirməyin zamanı çatmışdı.

2010-cu il iyunun 18-də gecə təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə tərkisilah edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur. Amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına şəhid olur. Ancaq onun nəşinin düşmən tərəfindən alınması bir neçə aydan sonra mümkün olur. 2010-cu il noyabrın 7-də Bakıdakı II Fəxri xiyabanda torpağa tapşırılır.

Canıyla, ruhuyla Vətən torpağına bağlı, 22 yaşında gənc nəslin qəlbinə adını əbədi yazmış Mübariz İbrahimovun şəhadətindən düz on il sonra- elə torpağa qovuşduğu günlərə təsadüf edən 8 Noyabr Zəfər bayramımız bəlkə də ilahi bir müjdənin mesajıdır. Çünki 44 günlük Vətən müharibəsi göstərdi ki, bu gün Azərbaycan ordusunda Mübariz ürəkli, Mübarizin qəhrəmanlıq bulağından su içən minlərlə cəsarətli Vətən övladları yetişib. Məhz həmin igidlərin sayəsində 2020-ci il oktyabrın 4-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.