logo

Vətəndaşlara qarşı  712 min manatlıq dələduzluq edənlərin məhkəməsi başlayır 

16:06 16-06-2023 | icon 1764
Vətəndaşlara qarşı  712 min manatlıq dələduzluq edənlərin məhkəməsi başlayır 

Vəzifəli şəxsin səlahiyyətini mənimsəmə yolu ilə vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirmiş şəxslər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, istintaqla İlkin Babayev, Eldar Muradov, Mobil Həsənzadə, Allahqulu Məmmədov, Asəf Ağazadə və digərlərinin qabaqcadan əlbir olub özlərini müxtəlif dövlət orqanlarının əməkdaşları kimi təqdim edərək işlə təminolunma, hüquq-mühafizə orqanlarında aparılan araşdırmaların dayandırılması, elmi dərəcələrin verilməsi və digər məsələlərin həllində köməklik göstərəcəklərinə dair yalan vədlər verərək ayrı-ayrı şəxslərin ümumilikdə 712 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında həmin şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı vurulmuş ziyandan 160 min manatın ödənilməsi təmin edilib.

Hazırda cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi üçün ayrıca icraata ayrılmış cinayət işi üzrə istintaq davam etdirilir.