logo

Qubada sel ciddi fəsadlar törədib

12:24 12-06-2023 | icon 1841
Qubada sel ciddi fəsadlar törədib

Quba rayonunun Qarxun, Yerfi, Rük, Adur kəndlərində sel suları sakinlərin evlərinə və həyətlərinə dolub, təsərrüfatlarına ziyan vurub.

 YeniAvropa xəbər verir ki, Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov məlumat verib. Bildirib ki, ötən gün günorta saatlarında yağan qısamüddətli leysan nəticəsində yaranan sel suları Qarxun kəndində 10-a yaxın evin həyətinə, zirzəmisinə, bəzi evlərin isə içərisinə dolub.

Kənd sakininə məxsus "Niva” markalı avtomobil sel sularının altında qalıb, bir baş iribuynuzlu heyvanı isə su aparıb. Sakinlərdən xəsarət alan olmasa da, təsərrüfatları ciddi ziyan görüb.

Tariyel İbrahimovun sözlərinə görə, sel suları daha çox Yerfi kəndində fəsadlar törədib. Burada kənd yollarına, körpüyə, sakinlərə məxsus mal-qaraya, təsərrüfatlara ziyan dəyib. Bundan başqa, Tüləkəran inzibati ərazi dairəsinin bəzi kəndlərində də sel suları fəsadlar törədib. Hazırda Rayon Fövqəladə Hallar Komissiyasının təşkilatçılığı ilə fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Müvafiq qurumların texnikaları və canlı qüvvələri, həmçinin yerli bələdiyyələrin imkanları səfərbər olunub.