logo

Azərbaycan Beynəlxalq Animasiya Film Festivalında təmsil olunur

10:30 12-06-2023 | icon 8078
Azərbaycan Beynəlxalq Animasiya Film Festivalında təmsil olunur

Azərbaycanın animasiya müəllifləri dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olunur.

YeniAvropa xəbər verir ki, bu barədə festivalın təşkilat komitəsindən bildirilib. Qeyd edilib ki,bu il festivalda 103 ölkədən 15 mindən çox tamaşaçı iştirak edir.

İyunun 17-dək davam edəcək festivalda “Hədis” qısametrajlı animasiya filminin dünya premyerası keçiriləcək. “Hədis” qısametrajlı animasiya filmi 2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub, İranda gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub. Hədis hazırda İranda Azərbaycan müqavimətinin və etnik mübarizənin simvolu kimi də hörmətlə qarşılanır.

“Hədis” 112 ölkə üzrə 3250 film arasından seçilib. Qısametrajlı kateqoriyada yarışa cəmi 71 film layiq görülüb. Annecy müsabiqəsinə daxil edilmək Azərbaycan kino sənayesi üçün mühüm nailiyyətdir.

Rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev olan “Hədis” simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır.

“ANİMAFİLM Studio” animasiya studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” online animasiya jurnalı filmə media dəstəyi verib.

Annecy festivalında gənc animasiya rejissoru Ülviyyə Məmmədova da iştirak edir. Onun festivalda iştirakı 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Ağ qorxu” filmi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" mükafatını qazanması sayəsində mümkün olub. Qeyd edək ki, həmin mükafatın sponsorları Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və Annecy festivalıdır.

Qeyd edək ki, növbəti – VI ANİMAFİLM festivalı sentyabrın 6-dan 10-dək Bakıda keçiriləcək. Festivalın mövzusu “Qadın haqları” olacaq. Festivalın təşkilat komitəsi animasiya peşəkarlarını və studiyaları müsabiqə proqramında iştirak etməyə dəvət edir. Müraciətlər üçün ən son tarix 2023-cü ilin iyulun 1-dir. Əsərlər yerli və beynəlxalq kateqorıyalar üzrə qəbul olunur. Qaliblər üçün mükafatlar nəzərdə tutulub.