IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycanın Şahdağ Milli Parkına gətirilən zubrlardan üçünün balası dünyaya gəlib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva YeniAvropa-ya bildirilib ki, artıq milli parkda zubr balalarının sayı 8-ə çatıb. Balalar sağlamdır, yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub.
“IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə ölkəmizə Fransa, Belçika və Almaniyadan 36 baş Avropa zubru gətirilmişdi. Hazırda zubrların sayı 44-ə çatıb”.
Xidmət rəsmisinin sözlərinə görə, Avropa zubru Azərbaycan Respublikasının “Qırmızı kitab”ının yeni çapdan çıxmış üçüncü nəşrinə daxil edilib.