logo

Azərbaycan-Mərakeş əməkdaşlığı müzakirə edilib

16:56 06-06-2023 | icon 1701
Azərbaycan-Mərakeş əməkdaşlığı müzakirə edilib

Azərbaycanın Mərakeşdəki fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov bu ölkənin avadanlıq və su təsərrüfatı naziri Nizar Baraka ilə görüşüb.

YeniAvropa xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, əlaqələrin inkişafı istiqamətində əməkdaşlıq layihələri, yol tikintisi, inşa işlərinin aparılması, nəqliyyat, su təchizatı, meteorologiya, dəniz limanlarının tikilməsi və istifadəsi, digər sahələrdə perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, müxtəlif sahələr üzrə sazişlərin bağlanmasının mümkünlüyü vurğulanıb.

Nazir Nizar Baraka Mərakeşin bu sahələr üzrə idarəetmə sistemi haqqında məlumat verib və əməkdaşlıq üçün bir sıra təkliflər irəli sürüb.

Səfir Mərakeşin Avadanlıq və Su Təsərrüfatı Nazirliyinin Azərbaycanda olan partnyor təşkilatlar və idarəçilik sistemi haqqında məlumat verib, hərtərəfli əməkdaşlıq üçün, ilk növbədə, həmin tərəfdaşlarla qarşılıqlı səfərlərin təşkilini təklif edib.

Nazir gələcək əməkdaşlıq məqsədilə adıçəkilən sahələr üzrə nümayəndə heyətlərinin Rabata rəsmi səfərə dəvət etməyə hazır olduğunu bildirib.

N.Səmədov, Ermənistanın işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan etdiyini deyib və “Qarabağ: işğaldan əvvəl və sonra” kitabını nazirə təqdim edib.

Mərakeşli nazir, eyni zamanda, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda aparılan quruculuq işləri barədə məlumatlandırılıb. O, Mərakeş şirkətlərinin bu prosesdə əməkdaşlıq üçün geniş imkanlarının olduğunu qeyd edib. Nazir Baraka bu məsələ üzrə dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.