logo

Azərbaycanla NATO arasında enerji təhlükəsizliyi üzrə dialoq keçirilib

20:40 16-05-2023 | icon 4977
Azərbaycanla NATO arasında enerji təhlükəsizliyi üzrə dialoq keçirilib

Mayın 16-da NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında ilk dəfə olaraq Daimi Nümayəndələrin Müavinləri Komitəsi (DPRC) formatında Alyans və Azərbaycan arasında enerji təhlükəsizliyi üzrə dialoq keçirilib.

YeniAvropa xəbər verir ki, iclasda Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanov, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə, habelə nümayəndəliyin heyəti iştirak edib. Nazir müavini E.Soltanov NATO mənzil-qərargahına səfəri çərçivəsində, həmçinin NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina və Beynəlxalq Katibliyin İqlim və enerji təhlükəsizliyi bölməsinin rəhbəri Mixael Rühle ilə ikitərəfli görüşlər keçirib.

Müzakirələr zamanı E.Soltanov Azərbaycanın uğurlu enerji strategiyası, “Cənub Qaz dəhlizi”nin əhəmiyyəti, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfələri, bərpa olunan enerji mənbələri sahəsində imkanlar və yeni perspektiv layihələr barədə müttəfiq dövlətlərə məlumat verib.

Azərbaycanın Alyansın etibarlı və önəmli tərəfdaşı olduğu vurğulanıb, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfələri yüksək qiymətləndirilib və bu çərçivədə perspektiv layihələrin əhəmiyyətinə toxunulub.