logo

Həyatda peşmanlıqlarım çox olub-Qurban Qurbanov

12:42 27-04-2023 | icon 46004
Həyatda peşmanlıqlarım çox olub-Qurban Qurbanov

Aprelin 13-də "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 51 yaşı tamam olub.

YeniAvropa xatırladır ki, təcrübəli mütəxəssis futbol karyerası dönəmdə "Turan"da və "Neftçi"də ümumilikdə dörd dəfə ölkə çempionu olub. 

2008-ci ildən Ağdam təmsilçisində baş məşqçi işləyən Qurbanov bu komanda ilə səkkiz dəfə Premyer Liqanın, dörd dəfə isə Azərbaycan Kubokunun qalibi olub.

Doğum günü ərəfəsində təcrübəli məşqçi "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Gec də olsa, sizi təbrik edirik. Geriyə baxanda 51 ili necə xarakterizə edərdiniz?
- Çox sağ olun, xoş gəlmisiniz. 51 il artıq arxada qalıb. Bildiyiniz kimi belə günlərə elə də çox önəm vermirəm. İşimiz elədir ki, ad günümüz əsasən bununla bağlı olur. İllər boyu bu sahənin içindəyik. Nə istirahətə, nə də başqa fikirləri həyata keçirməyə vaxtımız olur. Çünki bizə elə bir iş tapşırılıb ki, bütün diqqətimiz burada olmalıdır. Geriyə baxanda sadəcə hazırkı işim və futbolçu olduğum illəri xatırlaya və o anları yada sala bilərəm. Amma yenə də qarşıdakı hər ilin daha da yaxşı olmasını istəyirik. Bunun üçün də çox güc sərf etməli və məsuliyyətli olmalıyıq. Geriyə qayıdıb nəsə söyləmək yox, daha çox irəliyə baxmaq niyyətindəyəm.

- Ötən illərdə peşmanlıq duyduğunuz an olubmu? Nə vaxtsa fikirləşmisinizmi ki kaş bunu etməyəydim?

- Belə hallar, peşmanlıq çox olub. Əlbəttə ki, burada onu izah edə və adını çəkə bilmərəm. Amma çox olduğunu deyə bilərəm. İşimdə, həyatda, həm də təhsil aldığım dönəmdə bu cür anlar var idi. Əfsuslar olsun ki, geriyə qayıdıb onları düzəldə bilmirəm. Keçmişi xatırlamaq gələcəkdə o səhvləri təkrarlamamaqda köməklik edir. Amma deyərdim ki, həyatda peşmanlıq hissi keçirdiyim vaxtlar çox olub.

- Oynadığınız dönəmi xatırladınız. "Qarabağ"ın baş məşqçisi futbolçu Qurban Qurbanovu öz komandasında görmək istərdimi?
- Bu suala necə cavab verəcəyimi bilmirəm. İndi futbol tam başqa şeylər tələb edir. Sadəcə, özümü tanıdığım üçün istərdim ki, mənim kimi istəkli futbolçular komandada daha çox olsun. Futbolçu Qurban Qurbanov bu kollektivdə necə çıxış edərdi, uyğunlaşa bilərdimi? Bunları deyə bilməyəcəyəm. Amma belə futbolçunun ən azından xarakterinə, işgüzarlığına görə komandamızda olmasını istəyərdim.

- Demək olar ki, "Qarabağ"dakı nəticələrinizlə ölkə futbolunun yükünü çiyinlərinizdə daşıyırsınız. Sizdən sonra hansısa mütəxəssisin bu uğurlara imza atacağını düşünürsünüzmü?

- İnanın, bu barədə danışmaq mənim üçün çox ağırdır. Həyatda, futbolda, məşqçilikdə və bütün sahələrdə əvəzolunmaz insan yoxdur. Sadəcə, həmişə çalışmışam ki, üzərimə düşən vəzifəni daim layiqincə yerinə yetirim. Amma bizdən başqa bunları edəcək birisi yoxdur deyə bilmərəm. Çünki ölkəmizdə çox istəkli, bacarıqlı məşqçilərimiz var. Ümumiyyətlə, futbol və idman karyerası elədir ki, hərənin öz dönəmi olur. O gedir və daha sonra başqası gəlir. Mənədək və bizim dövrümüzdə də çox yaxşı baş məşqçilərimiz olub. İnanıram ki, bundan sonra daha yaxşı mütəxəssislər olacaq. Sadəcə, idman elə şeydir ki, burada uğur əldə edən simalar, fərdlər olur. Şükürlər edirəm ki, bu, mənə də nəsib oldu və Azərbaycan reallığında nəticələr qazana bildik. Həmişə yerli məşqçilərimizin ön planda olmasını istəmişəm. Tanıdığım mütəxəssislər də istəklidirlər, əziyyət çəkirlər. Hazırda "Turan Tovuz"da işləyən Ayxan Abbasov, "Qəbələ"dən Elmar Baxşıyev, "Zirə"dən Rəşad Sadıqov, Aftandil Hacıyev və "Kəpəz"dən Tərlan Əhmədovu misal göstərə bilərəm. Bəlkə kimisə unutdum, xatırlamadım, üzrlü hesab etsinlər. Öz üzərlərində çalışan məşqçilər həddindən artıq çoxdur. Onların haqqında eşidirəm, məlumat da alıram. İstərdim ki, hər şeyi mənim üzərimdə qurmayaq.

- Futboldan, idmandan əlavə başqa işlərə vaxtınız qalırmı? Qalırsa, nə ilə məşğul olursunuz?
- Ümumiyyətlə, vaxtımız çox az olur. Qısa cavab verəcəyəm. Ay ərzində iki və ya üç dəfə stolüstü tennis oynamağa üstünlük verirəm. Bu idman növü ilə məşğul olmağı bəyənirəm. Bundan əlavə, özüm idman etməyi və saunaya getməyi xoşlayıram. İşimdən əlavə məşğul olduğum hobbilər bunlardır. Başqa bir şey yoxdur.

- Bu qədər məşhur olmaq şəxsi həyatınıza mane olurmu? Ola bilməz ki, küçədə Qurban Qurbanovu görsünlər və şəkil çəkdirmək istəməsinlər...
- Belə hallar xoşdur. Amma bunların mənə mane olan və köməklik edən vaxtları da olub. Çox üzdə olmaq istəmirəm. Buna vaxtımız da çatmır. Hər halda kimsə yaxınlaşsa, onu əliboş qaytarmamağa çalışırıq. Hər bir azərbaycanlını çox istəyirəm və böyük hörmətim var.

- Nə vaxtadək "Qarabağ"da qalmağı planlaşdırırsınız? Məşqçilikdən getmək kimi bir müddət təyin etmisinizmi? Sizi başqa hansısa klubda görə biləcəyikmi?
- Hər insanın gələcəyə aid fikirləri və ideyaları olur. Mənim də neçə il bu sahədə çalışacağıma dair, "Qarabağ"da qalmaq və ya qalmamaqla bağlı düşüncələrim var. Belə fikirlərim var, amma açıqlamasam, daha yaxşı olar. Bir şeyi deyim ki, sanki çox uzun müddət, indidən sonra 10 və ya 15 il baş məşqçi kimi işləmək həvəsində deyiləm. Bütün bunları gələcək göstərəcək və irəlidəki dönəmlərdə hər şey nizamlanacaq.

- Karyeranız başa çatandan sonra Bakıda, yoxsa boya-başa çatdığınız Zaqatalada yaşamağı üstün tutarsınız?
- Zaqatala mənim ürəyimdir. Orada doğulmuşam, boya-başa çatmışam. Amma mən paytaxt Bakını çox sevirəm. Buradan başqa yerdə yaşamağı düşünmürəm. O qədər bu şəhərə vurulmuşam və paytaxtımızı çox istəyirəm. Burada yaşamağı arzulayıram.

- Avropada bir çox mütəxəssislər özləri haqqında avtobioqrafik kitab yazırlar. Sizin belə bir fikriniz varmı və ya bununla bağlı təklifər olubmu?
- Düzünü desəm, müraciətlər olub. Hətta öz yaxınlarımızdan, ətrafımızdan da təklif gəlib ("Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadəyə baxaraq gülür – T.Q.) Amma inanın mənə, ümumiyyətlə, heç istəmirəm, marağında da deyiləm. Amma ola bilər kimsə yazsın. Hələlik belə təkliflərə "yox" demişəm. Sanki buna vaxt ayırmaq niyyətim yoxdur.

- Xarici futbol trendlərini izlədiyinizi bilirik. İlk vaxtlar Xosep Qvardiolanın "Barselona"sının sistemindən daha çox faydalanırdınız. Hətta "Qarabağ"a "Qafqazın Barselonası" da deyirdilər. Hazırda hansısa mütəxəssislərdən bəhrələnirsinizmi?
- Bəli, belə dönəm olub. Bəlkə də "Barselona"nın akademiyasından tam məlumatınız yoxdur. Mən Kataloniya təmsilçisinin akademiyasında olmuşam. Özümün də həmişə bu komandaya, onların oyununa çox böyük marağım olub. Qvardiola hazırda İngiltərədə, "Mançester Siti"də çalışır. Mənim üçün təkcə məşqçi yox, klubun, komandanın sistemi önəm kəsb edib.

- Deməli, "Qarabağ" akademiyasının "Barselona"dakına bənzəməsini arzulayırsınız?
- Bəli. "Barselona"da elə bir sistem və fəlsəfə qurulub ki, futbola aid nə lazımdırsa, orada var. Sadəcə, hansı məşqçi ondan necə istifadə edəcək və həyata keçirəcək, bu, bir az fərqlidir. Ümumi iş prinsipi olaraq "Barselona"nın məşq və oyun proqramları ilə maraqlanmışam və daim diqqətimdədir. Çox istərdim ki, burada da belə sistem qurulsun. Təkcə əsas komandada yox, akademiyada bu gerçəkləşsin. Çünki orada yaxşı futbola aid hər şey var.

- Sizi daha çox təmkinli mütəxəssis kimi tanıyırıq. Həyatda, yoxsa futbolda təmkinli olmaq çətindir?
- Hər ikisində bunu nizamlamaq və təmkinli olmağı bacarmaq lazımdır. Ümumiyyətlə, bacardığımız qədər təmkinli olmağa çalışırıq.

- Futbol oynadığınız vaxt müsahibəniz yayımlanmışdı. O vaxt yanınızda olan kiçik övladınız Musa Qurbanlının böyüyüb potensiallı futbolçu olacağını təxmin edirdinizmi?
- Yəqin ki, həmin an bu barədə düşünməmişəm. Amma həmişə ata olaraq Musanın futbolçu olmasını və yaxşı oynamasını arzulamışam.

- Onun karyerasına təsiriniz nə qədərdir?
- Bu, hər zaman qarşılıqlı olur. Bəzi şeylərə fikir belə bildirmirəm. Elə də olur ki, məsələləri birlikdə müzakirə edirik.