logo

İrandan Azərbaycana 14 kq narkotika keçirmək istədi-yaxalandı

13:13 20-04-2023 | icon 938
İrandan Azərbaycana 14 kq narkotika keçirmək istədi-yaxalandı

Daxili İşlər Nazirliyi(DİN) və Dövlət Sərhəd Xidməti İmişlidə birgə əməliyyat həyata keçirib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirən daha bir nəfər saxlanılıb. Tədbir zamanı paytaxt sakini Elməddin Hüseynov İmişli rayonu ərazisində tutulub. Bu şəxsdən ümumilikdə 14 kiloqram narkotik maddə olan qurudulmuş marixuana aşkar edilib. İlkin sorğu zamanı Elməddin Hüseynov ondan aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Baba” adı ilə tanıdığı şəxsin vasitəsilə İmişli rayonu ərazisində gizlədilən ünvandan müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, son bir ay ərazində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə həyata keçirdikləri xüsusi əməliyyatlar nəticəsində ümumilikdə 131 kiloqram müxtəlif növ güclü təsiredici xassəli narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.