logo

Türkmənçay müqaviləsi – Bütöv Azərbaycan faciəsi

10:50 10-02-2023 | icon 784
Türkmənçay müqaviləsi – Bütöv Azərbaycan faciəsi

1828-ci il fevralın 10-da qədim Azərbaycan şəhəri olan Təbriz yaxınlığında Türkmənçay kəndində çar Rusiyası və Qacarlar dövləti arasında ədalətsiz və separat müqavilə imzalandı. Azərbaycan xalqının qan yaddaşına Türkmənçay faciəsi kimi həkk olunan bu müqavilə işğalçı imperiya olan çar Rusiyasının tarixi torpaqlarımızı zəbt etməsindən sonra imzalandı. Bu müqavilə Azərbaycan torpaqları uğrunda gedən İkinci Rusiya-Qacar müharibəsinə son qoydu. Ölkəmizin ərazi bütövlüyü məhz bu müqavilə nəticəsində pozuldu.

YeniAvropa xəbər verir ki, bunu AMEA Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə KİV-ə müsahibəsində deyib. .

Onun sözlərinə görə,  Türkmənçay müqaviləsinin üçüncü, dördüncü və beşinci maddələri Azərbaycanın tarixi torpaqlarının bölüşdürülməsi və sərhəd xətti ilə ayrılmasını nəzərdə tuturdu. Müqavilənin ikinci maddəsi yeni coğrafi istilahlar olan Şimali və Cənubi Azərbaycan ifadələrinin meydana gəlməsinə səbəb oldu. Bu müqavilənin on beşinci maddəsi ermənilərin Qacarlar dövlətinin ərazisindən çar Rusiyasının işğal etdiyi Araz çayından şimalda yerləşən Azərbaycan torpaqlarına köçürülməsini nəzərdə tuturdu. Nəticədə Qafqaz regionu üçün yadelli etnik ünsür olan ermənilər Qarabağ, İrəvan, Borçalı və İrəvan ərazilərinə köçürüldülər.

Azərbaycan xalqının tarixində Türkmənçay müqaviləsi hansı ağır nəticələrə gətirib çıxardı? Bu müqavilədən sonra Qafqazın geosiyasi vəziyyətini necə dəyişdi? Əvvəlcə qeyd edək ki, bu müqavilə nəticəsində Azərbaycanın tarixi torpaqlarının bölüşdürülməsi onun tarixi-coğrafi sərhədlərinin kiçildilməsi ilə nəticələndi. İşğalçı imperiyaların qeyri-qanuni olaraq tarixi torpaqlarımızı öz aralarında bölüşdürmələri, əslində, beynəlxalq hüququn pozulması deməkdir.

Azərbaycan tarixində Gülüstan müqaviləsindən sonra ən ağır şərtli müqavilə olan Türkmənçay müqaviləsinin iki mühüm faciəli nəticəsi oldu. Bunlardan birincisi Azərbaycanın tarixi torpaqlarının iki hissəyə - Şimali və Cənubi Azərbaycana bölünməsi, ikincisi isə çar Rusiyası tərəfindən Azərbaycan türkünün əzəli yurd yerləri olan torpaqlara ermənilərin köçürülməsi. Ermənilər 1978-ci ildə Ağdərədə “Marağa-150” sözləri yazılmış park saldılar. Bu parkın adı onların özləri tərəfindən Qarabağa 150 il əvvəl, yəni 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra köçürüldüklərini etiraf etmələrini sübut edirdi. 1988-ci ildə isə ermənilər tarixi həqiqəti ört-basdır etmək üçün bu parkın girişindəki sözləri pozaraq parkı dağıtdılar.

Müqavilələrin hüquqi qüvvəsi və müddətliliyi haqqında 1969-cu ildə qəbul edilmiş Vyana konvensiyasına əsasən, həm Gülüstan, həm də Türkmənçay müqavilələri hazırda qüvvədə olmayan və heç bir hüquqi məsuliyyəti əks etdirməyən müqavilələrdir. Etibarlı tarixi mənbələr və qədim xəritələr də bir daha təsdiq edir ki, Araz çayının şimalında da, cənubunda da yaşayan Azərbaycan xalqı öz tarixi torpaqlarında min illər boyu vahid, qüdrətli dövlətçilik ənənəsinə malik olub. 195 il bundan əvvəl Türkmənçay müqaviləsini imzalayan çar Rusiyası və Qacarlar dövləti bir əsr bundan əvvəl süqut edib. Nə 1917-ci ilin oktyabrında V.İ.Leninin çevriliş yolu ilə qurduğu bolşevik Rusiyası, nə də 1991-ci ilin dekabrında yaranmış müasir Rusiya Federasiyası çar Rusiyasının hüquqi varisi deyil. Hətta V.İ.Lenin sovet Rusiyasını qurduğu zaman özündən əvvəlki çar rejiminin varisi olmadığını, həmçinin çar dövrünə aid bütün öhdəliklərin, borcların, müqavilələrin qüvvədən düşdüyünü elan etdi. Müasir İran İslam Cümhuriyyəti isə Qacarlar dövlətinin varisi deyil. Digər tərəfdən Türkmənçay müqaviləsinin birinci maddəsində nəzərdə tutulduğu kimi, bu müqavilə yalnız Qacarlar sülaləsinin hakimiyyəti dövründə hüquqi qüvvəyə malik idi. Beləliklə, tarixi gerçəkliyi əks etdirən hüquqi sənədlər, eləcə də Türkmənçay müqaviləsinin şərtləri bu müqavilənin ədalətsiz olduğunu, işğalçı imperiya olan çar Rusiyasının diktəsi ilə imzalandığını bir daha təsdiq edir.

Türkmənçay müqaviləsindən sonra tarixi Azərbaycan torpaqlarına köçürülən ermənilər qısa müddətdən sonra regionda ilk etnik münaqişələrin əsasını qoydular və Azərbaycan türklərinə qarşı açıq düşmənçilik mövqeyi tutdular. XX əsrin əvvəllərində Qafqaz regionunda ilk soyqırımları da erməni daşnak terror dəstələri Azərbaycan türklərinə qarşı törətdilər. Həmişə öz havadarlarının himayəsinə sığınan bu yadelli etnik ünsür son yüz ildə dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü, 1988-1994-cü illərdə Azərbaycan türklərini əzəli torpaqlarından deportasiyaya məruz qoymuş, soyqırımları törətmiş, tarixi-mədəni abidələrimizi məhv etmişlər. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində qazanılan böyük Zəfər isə regionun gələcəyi üçün vacib şərt olan təhlükəsizliyi təmin etdi. Nəticədə müzəffər Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzuru azad etməklə, ölkəmizin ərazi bütövlüyünü qorumaqla tarixi ədaləti bərpa etdi və Qafqaz regionunda təhlükəsizliyin əsas təminatçısı oldu.