Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) strukturunda hazırda istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun qazılması üçün əməliyyatlara başlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə "BP"dən bildirilib.
Qeyd edilib ki, “A22z” adlanan bu quyu “Çıraq” platformasından qazılacaq və mövcud “A22” injektor quyusundan yan lülə vasitəsilə AÇG strukturunun cənub cinahı ərazisindəki dərin qaz laylarına daxil olacaq.
Quyunun ümumi dərinliyinin 4500 metrədək olacağı planlaşdırılır.
Əgər uğurlu olarsa, quyudan əldə olunacaq məlumat həmin ərazinin strukturu və dərin laylardakı təzyiqlər haqqında anlayışların genişlənməsinə imkan verəcək.
Quyunun qazılması təqribən üç ay çəkəcək. Bundan sonra quyuda geniş karotaj proqramı və təzyiq məlumatlarını qeydə almaq üçün ölçmə cihazlarının quraşdırılması da nəzərdə tutulub.