logo

Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşünə hazırlıq başlayıb

16:26 28-11-2022 | icon 9317
Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşünə hazırlıq başlayıb

Noyabrın 28-də Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan liderlərinin üçtərəfli görüşünə hazırlıq işlərini müzakirə edilib. Bu məqsədlə Türkmənistan baş nazirinin müavini və xarici işlər naziri Rəşid Meredov Türkiyəyə səfər edib.

YeniAvropa xəbər verir ki,  bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  bu gün Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla görüşündən  sonra birgə keçirdikləri mətbuat konfransında məlumat veriblər.

Mövlud Çavuşoğlu bildirib ki, nazirlər təkbətək görüşün ardından  heyətlərin iştirakı ilə bir araya gəliblər.

Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən enerji və nəqliyyat sahəsində layihələr, ticarət əlaqələrinin yüksəldilməsi və digər məsələlər müzakirə edilib.

Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci Aktau üçtərəfli görüşünün nəticələri barədə həmkarına məlumat verdiyini diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu bildirib ki, tərəflər Türkiyə, Azərbaycan və Türkmənistan üçtərəfli görüşünə hazırlıq işlərini müzakirə ediblər. Türkiyəli nazir Türkmənistanın Türk Dövlətlər Təşkilatında (TDT) müşahidəçi təmsilçiliyindən məmnunluğunu ifadə edib.

Türkmənistan xarici işlər naziri Rəşid Meredov vurğulayıb ki, regional proseslər, bu çərçivədə çoxşaxəli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də nəqliyyat və energetika sahəsindəki layihələr hər iki ölkə üçün prioritetdir.

Türk Dövlətlər Təşkilatının fəaliyyətini yüksək dəyərləndirən nazirlər əminliklə bildiriblər ki, üzv ölkələr arasında dinamik münasibətlər əməkdaşlıq əlaqələrinin genişlənməsinə, regional münasibətlərə əhəmiyyətli təsir göstərir.