logo

Qənirə Paşayeva Özbəkistan Jurnalistlər Birliyinin fəxri üzvü seçilib

13:33 28-10-2022 | icon 1477
Qənirə Paşayeva Özbəkistan Jurnalistlər Birliyinin fəxri üzvü seçilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Özbəkistan Jurnalistlər Birliyini ziyarət edib və birliyinin sədri Olimjon Usarov ilə görüşüb. Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edib.

YeniAvropa xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib.

Əvvəlcə azərbaycanlı qonaqları salamlayan Özbəkistan Jurnalistlər Birliyinin sədri Olimjon Umarov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib, birliyin 1957-ci ildən fəaliyyət göstərdiyini qeyd edib. O, ölkənin milli media sahəsinin inkişafının bir sıra qanunvericilik aktları ilə tənzimləndiyini, bunun vətəndaşların informasiya almaq hüquqlarının təmin edilməsində, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının daha da təkmilləşdirilməsində, medianın maddi-texniki bazasının daha da yaxşılaşdırılmasında mühüm amil olduğunu vurğulayıb. O.Usarov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq etdiklərini qeyd edərək, özbək jurnalistlərinin daim Özbəkistan-Azərbaycan dostluğu, əməkdaşlığı mövzusuna böyük maraq göstərdiklərini vurğulayıb.

Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı haqqında danışaraq, dövlət başçılarımız arasında görüşlərin əlaqələrimizin inkişafına böyük təkan verdiyini söyləyib. O, bu işdə qələm sahiblərinin, media mənsublarının üzərinə şərəfli iş düşdüyünü vurğulayıb. Qənirə Paşayeva 44 günlük Vətən müharibəsi dövründə özbək mətbuatı ilə sıx əməkdaşlıq nəticəsində Azərbaycan həqiqətlərinin, Ermənistanın işğalçılıq siyasətinə dair Özbəkistanda 244-ə yaxın məqalə, müsahibə, televiziya verilişi yayımlayan qardaş Özbəkistan mətbuatına təşəkkürünü bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan mətbuatı ilə yaradılan sıx əməkdaşlıq əlaqələrindən danışıb, keçirilən müsabiqələrin qalibləri olan özbək mediası təmsilçilərinin hər il Azərbaycana təşkil olunan mediaturlarının öz uğurlu nəticəsini verdiyini qeyd edib. O, özbək jurnalistlərinin işğaldan azad olunmuş Azərbaycan ərazilərinə artıq 4 dəfə mediaturlarının təşkil edildiyini və səfərin nəticəsi olaraq xeyli sayda məqalə və materialların yayımlandığını bildirib.

Özbəkistan Jurnalistlər Birliyinin sədri Olimjon Usarov Azərbaycan mətbuatında da ölkələrimiz arasında dostluq və əməkdaşlıq, habelə Özbəkistanın tarixi, mədəniyyəti, nailiyyətləri, bölgəyə dair materialların, məqalələrin, habelə Özbəkistan Prezidentinin irəli sürdüyü “Yeni Özbəkistan” konsepsiyasına dair obyektiv məlumatların verilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə Jurnalistlər Birliyinin sədri Olimjon Usarov iki ölkə arasında dostluq, habelə Özbəkistan mövzusuna daim diqqət ayıran Qənirə Paşayevaya Özbəkistan Jurnalistlər Birliyinin fəxri üzvlük vəsiqəsini təqdim edib.

Qənirə Paşayeva ona göstərilən diqqət və etimada görə təşəkkür edərək gələcək fəaliyyətində də Özbəkistanla dostluq əlaqələrinə xüsusi önəm verəcəyini bildirib. O, bundan sonra da qardaş Özbəkistanın Azərbaycanda tanıdılması istiqamətində fəaliyyətinin davam etdiriləcəyini və mətbuat sahəsində əməkdaşlığın inkişafının iki ölkə arasında əlaqələrin daha da genişləndirəcəyini bildirib.

Sonda Jurnalistlər Birliyinin binası ilə tanışlıq olub.