Bakıda arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkasına arıçılar tərəfindən ən çox cökə və çiçək balı satışa çıxarılıb. Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 250 arıçı tərəfindən satışa ümumilikdə 33,5 ton cökə və eyni çəkidə çiçək balı gətirilib. Cökə və çiçək balları yarmarka dövründə satışa təqdim olunan arıçılıq məhsullarının 1/2 hissəsini təşkil edir.
YeniAvropa xəbər verir ki, bundan başqa, arıçı fermerlər satışa 6,5 ton qaratikan balı, 9 ton may balı, 9,9 ton dağ balı, 2 ton biyan balı, 5,5 ton meşə balı çıxarıblar. Yarmarkada, həmçinin çəmən balı, dağ-çəmən balı, şabalıd balı, yonca balı və digər bal növləri satılır.
Ümumilikdə yarmarkaya 120 tona yaxın arıçılıq məhsulu çıxarılıb. Bunun da 5 tonu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.
Bal yarmarkasında, həmçinin digər arıçılıq məhsulları - mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr və s. satılır.
Arıçılıq məhsullarının 22-ci sərgi-satış yarmarkası oktyabrın 20-dək davam edəcək.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (metronun “Gənclik” stansiyasının yaxınlığı) keçirilən yarmarkanın təşkilatçıları Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasıdır.