“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.2-ci və 17.3-cü maddələrini rəhbər tutaraq, xarici kommersiya bankı olan Pakistan Milli Bankının müraciəti əsasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2022-ci il 11 oktyabr tarixli Qərarı ilə Pakistan Milli Bankının “Bakı” filialına verilmiş 2005-ci il 30 iyun tarixli bank lisenziyası ləğv edilib.
AMB-dən YeniAvropa-ya bildirilib ki,Pakistan Milli Bankının “Bakı” filialının bank lisenziyasının könüllü ləğvi ilə bağlı müraciət Pakistan Milli Bankının Mərkəzi Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlib. Mərkəzi Bank tərəfindən Pakistan Milli Bankının “Bakı” filialının lisenziyasının könüllü ləğvinə dair qərar qəbul edilərkən filialın ləğvetmə planı və təqdim edilmiş maliyyə hesabatları əsasında öhdəliklərinin icrası imkanlarının olması nəzərə alınıb. Belə ki, sentyabrın 30-na filialın likvid aktivləri (6,7 milyon manat) cəmi öhdəliklərini (0,5 milyon manat) dəfələrlə üstələyir. Filialın ləğvedicisi (Filialın baş meneceri Sheikh Ahtsham Ahmed) Azərbaycan Respublikasının qanunvericiliyinə və filialın ləğvetmə planına müvafiq olaraq könüllü ləğv prosesini, o cümlədən kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirəcək. Mərkəzi Bank qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində ləğvetmə prosesi üzrə nəzarət edəcək.