logo

SOCAR Türkiyədə qazma üzrə tenderin qalibi olub

15:30 09-09-2022 | icon 2548
SOCAR Türkiyədə qazma üzrə tenderin qalibi olub

“Türkiye Petrolleri Anonim Ortaklığı”(TPAO) tərəfindən Türkiyənin Batman vilayətində neft-qaz quyularının qazılması layihəsinin icrası məqsədilə SOCAR-ın “Kompleks qazma işləri” tresti (KQİT) pre-kvalifikasiya mərhələsindən uğurla keçərək tenderin qalibi olub. Nəticədə TPAO ilə KQİT arasında 1 il müddətinə xidmət müqaviləsi imzalanıb.

SOCAR-dan YeniAvropa-ya bildirilib ki, layihə şərtlərinə əsasən, Batman vilayəti ərazisində 8 ədəd kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.

Hazırda müqavilə üzrə müvafiq avadanlıqların əməliyyat sahəsinə daşınması prosesinə başlanılıb. Batman vilayətinə ezam olunmuş KQİT-nin nümayəndə heyəti burada vilayətin mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri ilə görüş keçirib.

Görüşdə əməliyyat sahəsində işçilərin səmərəli fəaliyyəti üçün yaradılacaq əmək şəraiti, ekoloji və sosial məsələlər, habelə Türkiyə Respublikasının qanunvericiliyindən irəli gələn tələblər müzakirə edilib və potensial risklər qiymətləndirilib.

Layihənin icrası ilə əlaqədar, həmçinin Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə görüş keçirilib. Görüşdə SOCAR-ın Türkiyədəki uğurlu fəaliyyətinin qazma işlərində də davam edəcəyi bildirilib, KQİT və TPAO arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib.