İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın başlanğıcı olan Zəngilan rayonunun Ağalı kəndində ilk istehsal müəssisəsi olan “Gillmed” tikiş fabrikində 12 kənd sakini işlə təmin olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən(KOBİA) YeniAvropa-ya bildirilib ki, qurumun dəstəyi ilə Ağalı kənd sakinlərinin biznes fəaliyyətinə başlaması və məşğulluğunun təmin edilməsi üçün biznes təlimləri davam etdirilir.
KOBİA-nın dəstəyi ilə dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış “Gillmed” tikiş fabrikində tibbi təyinatlı tekstil məhsulları, o cümlədən tibbi maska və baxil, uniforma istehsal olunur. Hazırda müəssisədə gündəlik 200-400 önlük və 8 mindən çox tibbi maska və digər geyimlər istehsal edilir. Fabrik işçi sayını 50-yə çatdırmağı və istehsalı genişləndirməyi hədəfləyir.
Qeyd edək ki, bu ilin may ayında Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağalı kəndində “Gillmed” tikiş fabrikinin istehsal prosesi ilə tanış olub.