logo

Azərbaycanda Qurban bayramı qeyd olunur

09:22 09-07-2022 | icon 4011
Azərbaycanda Qurban bayramı qeyd olunur

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

YeniAvropa xəbər verir ki, Qurban bayramı və ya dini qurban kəsmə bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biri sayılır. Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Bu il müvafiq tarix miladi təqvimlə iyulun 9-na təsadüf edir. Mərasimlərdə adətən qoyun, qoç, keçi, dana və ya dəvə kəsilir. İslam dininin qaydalarına əsasən kəsilən heyvanlar sağlam olmalıdır.

Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınır.

Azərbaycanda bu gün və sabah qurban kəsmək olar. Qurban kəsimləri Qida Təhlükəsizliyi Agentliyinin Bakıda və onun ətrafı, habelə ölkənin bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək.

Ümumiyyətlə, dini qurban kəsmə mərasimi İslamdan əvvəl də mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və sair nəzərdə tutulub. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Əhvalata görə, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazırlaşır, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Müqəddəs “Qurani-Kərim”də yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir. Odur ki, Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.

Bu müqəddəs gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq üç yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir. Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar 9, 10, 11 və 12 iyul ölkəmizdə qeyri-iş günləridir.

Müqəddəs Qurban bayramı ölkəmizdə təşkil olunan müxtəlif mərasimlərlə qeyd olunur. Bu münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində adətən aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır.

Azərbaycan xalqı artıq ikinci ildir ki, Qurban bayramını Vətən müharibəsində Zəfər qazanmış qalib xalq kimi, Qələbə ab-havasında qarşılayır və bu bayram işğaldan azad edilən ərazilərimizdə də qeyd olunur.

Prezident İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikində deyilir: “Azərbaycan xalqı əsrlər boyu tarixi köklərinə və adət-ənənələrinə bağlılığı ilə seçilmiş, ən mürəkkəb dövrlərdə belə, öz milli-mədəni dəyərlərini qoruyub saxlamışdır. Müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi nümayiş etdirən dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il ölkəmizdə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd olunur, Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir.

Azərbaycanın müstəqilliyi uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin ölməz xatirəsini bir daha dərin ehtiramla yad edir, onlara Uca Yaradandan rəhmət, yaxınlarına səbir diləyirəm”.

Qurban bayramınız mübarək olsun!