Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 23-də saat 13 radələrində Bakı-Quba yolunda hərəkətdə olan avtobus nəzarət qaydasında saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşları tərəfindən sürücü, Şamaxı rayon sakini Rəşad Nəcəfovun narkotik vasitənin təsiri altında olması müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə protokol tərtib olunaraq Binəqədi rayon Polis İdarəsinə təhvil verilib.
Binəqədi rayon məhkəməsinin qərarı ilə R.Nəcəfov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətində inzibati həbs edilib.
Faktla bağlı tədbirlər davam etdirilir.