İyunun 16-17-də Bakıda “Fintex Summit” - Maliyyə və Texnologiyalar Sərgisi keçiriləcək.
YeniAvropa xəbər verir ki, tədbir “Bank və maliyyə ekosistemində yeni trendlər innovativ həllər, fintexlər və təhlükəsizlik” mövzusuna həsr olunub. Sammit “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı, “VISA” beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində, Azərbaycan Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə baş tutacaq.
Qeyd edək ki, sammit ölkənin maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərinin, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmenti, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələri, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıları bir araya toplayan, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biridir.