logo

Neft Fondunun büdcəsində 2,7 milyard dollardan çox profisit yaranıb

14:54 10-06-2022 | icon 2919
Neft Fondunun büdcəsində 2,7 milyard dollardan çox profisit yaranıb

Dövlət Neft Fondunun büdcəsinin icrası defisitlə proqnozlaşdırıldığı halda neftin xalis mədaxil qiymətinin büdcədə nəzərdə tutulduğundan artıq olması, idarəetmə gəlirlərindəki müsbət tendensiya, eyni zamanda, xərclərin proqnoza nisbətdə az icrası fonunda Fondun büdcəsi profisitlə yekunlaşıb.

YeniAvropa xəbər verir ki, bu barədə Hesablama Palatasından bildirilib.

Qeyd edilib ki, 2021-ci il yanvarın 1-nə Dövlət Neft Fondunun vəsaiti 73 milyard 488,7 milyon manat və ya 43 milyard 564,3 milyon dollar təşkil edib. 2021-ci il ərzində manat ifadəsi ilə Dövlət Neft Fondunun büdcə gəlirlərinin ümumi həcmi 15 milyard 985,7 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (8 milyard 1,2 milyon manat) 199,8 faiz səviyyəsində icra edilib. 2021-ci il ərzində Dövlət Neft Fondunun büdcə xərcləri 11 milyard 382,7 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (12 milyard 249,4 milyon manat) 92,9 faiz səviyyəsində icra olunub. 2021-ci ilin sonuna Dövlət Neft Fondunun büdcəsində 4 milyard 603 milyon manat və yaxud 2 milyard 707,4 milyon ABŞ dolları məbləğində profisit yaranıb (2020-ci il üzrə 3 milyard 64,5 milyon manat və ya 1 milyard 802,4 milyon ABŞ dolları defisit təşkil edib). Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci ilin büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 40 ABŞ dolları nəzərdə tutulduğu halda, 2021-ci il ərzində xalis mədaxil qiyməti 65,4 ABŞ dolları təşkil edib.