Dövlət Arxivinin Şirvan filialının direktoru Hamlet Hüseynovun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, aparılmış əməliyyat-istintaq tədbirləri ilə Hamlet Hüseynovun həmin vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2022-ci ilin aprel-may aylarında torpaq sahəsi üzrə arxivdə olan zəruri sənədlərin, eləcə də əmək stajlarının artıq hesablanması məqsədilə saxta arxiv arayışı əldə etmək üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyənləşdirilib.
Hamlet Hüseynova Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət törətmiş şəxslərin dairəsinin və təqsirləndirilən şəxsin digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.