logo

QHT-dövlət münasibətlərinə həsr olunan növbəti konfrans İmişlidə keçirilib

17:17 07-06-2022 | icon 1904
QHT-dövlət münasibətlərinə həsr olunan növbəti konfrans İmişlidə keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının təşkilini davam etdirir.

YeniAvropa xəbər verir ki, növbəti konfrans İmişli rayonunda keçirilib.

Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Agentliyin məsul əməkdaşları, Zərdab, Beyləqan, Xocavənd və Füzuli rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, həmin icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransı açıq elan edərək, tədbirin proqramı haqqında məlumat verib. A.Əliyeva bildirib ki, keçirilən bütün iqtisadi rayonları əhatə edən zona konfransları uğurla davam edir. Konfranslarda səslənən bütün təkliflər Agentlik tərəfindən qeyd edilir və onların hər birinin həyata keçirilməsi istiqamətində işlər görüləcək. Vurğulanıb ki, bütün QHT-lər və ictimai şuralar vətəndaş cəmiyyətinin inkişafında birgə fəaliyyət göstərməlidirlər.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışaraq, onların fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkil olunmasının zəruriliyini vurğulayıb. V.Quliyev rayonlarda keçirilən zona konfranslarının QHT–lər və ictimai şuraların fəaliyyətində dönüş yaradacağına əmin olduğunu bildirib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov çıxış edərək bildiriblər ki, zona konfransı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhfə verəcək. Qeyd edilib ki, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ardıcıl tədbirlər təşkil edilməli, bu xüsusda sosial medianın imkanlarından istifadə olunmalıdır.

Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

file.0-1-01