logo

Çindən Finlandiyaya gedən ilk blok qatar yükləri Bakı Limanına çatıb

19:49 27-05-2022 | icon 2842
Çindən Finlandiyaya gedən ilk blok qatar yükləri Bakı Limanına çatıb

Çindən Finlandiyaya gedən ilk blok qatar yükləri Bakı Limanına çatıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən YeniAvropa-ya bildirilib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Traceca) çərçivəsində Qazaxıstanın Kurik limanından “Ağdam” və “Naxçıvan” gəmi-bərəsi ilə daşınan 54 konteynerdən ibarət blok qatarının birinci hissəsi ötən gecə Bakı Limanına çatdırılıb. Bərə terminalına yan alan yüklərin boşaldılması əməliyyatı operativ formada, 1 saat 45 dəqiqə ərzində icra edilib. Bir neçə saat əvvəl limana yan alan Naxçıvan gəmi-bərəsində də sənədləşmə işləri tamamlandıqdan sonra bərənin boşaldılması əməliyyatı operativ şəkildə icra olunacaq.

Finlandiyanın “Nurminen Logistics” şirkətinə məxsus yüklərin əsas hissəsi avtomobil ehtiyat hissələri, plastik məhsullar, tekstil avadanlıqları və sair bu kimi qeyri-qida məhsullarından ibarətdir. Konteynerləşdirilmiş formada, platformalar üzərində daşınan bu yüklər Gürcüstanın Poti limanına yola salınacaq və Qara Dəniz vasitəsilə gəmi-bərələrlə Avropaya, Rumıniyanın Konstansa limanına göndəriləcək. Daha sonra isə blok qatar son təyinat nöqtəsi olan Finlandiyaya çatdırılacaq.

Qeyd edək ki, bir müddət əvvəl “Nurminen Logistics” şirkətinin rəhbər heyəti Bakı Limanına səfər edib, texniki imkanlarla tanış olduqdan sonra blok qatarın məhz bu marşrutla daşınmasına qərar verib.