logo

Yeni faydalı qazıntı yataqları hərraca çıxarılacaq

19:52 12-05-2022 | icon 4571
Yeni faydalı qazıntı yataqları hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən təşkil ediləcək hərraca Qobustanda yerləşən “Nabur” (1,1 ha), Qaradağda “Gülbaxt” (12 ha), Qazaxda “Daş Salahlı” (8,5 ha) və Qəbələdə olan “Xırxatala” (6 ha) faydalı qazıntı yataqları çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri iyunun 7-si saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanında təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxslərinin də iştirak etmələri mümkündür.

Açıq hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə Xidmətin rəsmi saytında ( https://bit.ly/3L6YQ0h ) və “Özəlləşdirmə portalı”nda ( https://bit.ly/3Pf1cgG ) tanış olmaq olar.