Ukrayna ilə Rusiya arasında daha bir əsir mübadiləsi həyata keçirilib. Ukraynanın 10 hərbçisi və 9 mülki vətəndaşı evinə qayıdıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşçuk "Teleqram" kanalında məlumat yayıb.
Əsirlikdən qayıdan hərbçilərdən 2-si zabitdir.
“Bu dəfə azad edilənlər arasında yaralılar da var və bu, çox vacibdir. Axı indi onlar tam müalicə ala və reabilitasiya kursu keçə biləcəklər”, - deyə İrina Vereşçuk əlavə edib.
Qeyd edək ki, müharibə başlayandan bəri Rusiya və Ukrayna bütövlükdə altı əsir mübadiləsi həyata keçirib. Ümumilikdə 232 ukraynalı evinə qayıdıb.