logo

Mərkəzi Bankın yeni sədri kollektivə təqdim olunub

13:53 14-04-2022 | icon 2772
Mərkəzi Bankın yeni sədri kollektivə təqdim olunub

Prezident İlham Əliyevin 2022-ci il 13 aprel tarixli Sərəncamı ilə aprelin 14-də Azərbaycan Mərkəzi Bankının (AMB) sədri vəzifəsinə təyin edilmiş Taleh Tahir oğlu Kazımov Mərkəzi Bankın kollektivinə təqdim olunub.

AMB-dən YeniAvropa-ya bildirilib ki, yeni sədri təqdim edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Taleh Kazımovun keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib. N.Əmirov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin dayanıqlı sosial-iqtisadi inkişafını, makroiqtisadi və maliyyə sabitliyini, bütün sahələrdə olduğu kimi maliyyə-bank sistemində həyata keçirilən mühüm islahatları və əldə olunan nəticələri diqqətə çatdırıb. N.Əmirov maliyyə sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını qeyd edərək, bu sahənin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in çağırışlarına uyğun şəkildə inkişafı ilə bağlı qarşıya qoyulan hədəfləri diqqətə çatdırıb, tövsiyələrini verib.

T.Kazımov dövlətimizin başçısı və ölkə parlamenti tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. O, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dayanıqlı iqtisadi inkişafı dəstəkləyən pul siyasətinin həyata keçirilməsi, maliyyə-bank sisteminin inkişafı, elektron ödəniş ekosisteminin daha da gücləndirilməsi, ölkədə nağd pul tədavülünün keyfiyyətinin davamlı yüksəldilməsi və digər istiqamətlərdə qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetirilməsi, aparılan islahatların daha da dərinləşdirilməsi və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli maliyyə, o cümlədən bank, kapital bazarları və sığorta xidmətləri ilə əhatə olunması vəzifələrinin layiqli şəkildə icrasının təmin ediləcəyini vurğulayıb.