logo

ABŞ Azərbaycanın Dövlət Gömrük Komitəsinə 90 milyon dollarlıq texniki dəstək göstərib

20:31 31-03-2022 | icon 2961
ABŞ Azərbaycanın Dövlət Gömrük Komitəsinə 90 milyon dollarlıq texniki dəstək göstərib

ABŞ-nin Müdafiə Departamenti Azərbaycanın Dövlət Gömrük Komitəsinə(DGK) texniki dəstək göstərib. 

YeniAvropa xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, DGK sədrinin müavini Cavad Qasimov, eləcə də  Komitənin digər rəsmiləri Astara sərhəd keçid məntəqəsinə səfər edərək ABŞ tərəfindən DGK-ya verilən həmin avadanlığı nəzərdən keçiriblər.

Qeyd edək ki, sözügedən avadanlıq ABŞ-nin Müdafiə Departamentini tərəfindən 2019-cu ildə Azərbaycana təqdim olunan təhlükəsizlik yardımının bir hissəsidir. Müdafiə Departamenti qanunsuz daşınmaların qarşısını almaq , quru və dəniz sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə Azərbaycana 90 milyon dollardan çox vəsait ayırıb. ABŞ Səfirinin Astara sərhəd keçid məntəqəsində nəzərdən keçirdiyi və dəyəri 30 milyon dollardan artıq olan həmin avadanlıq Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin təminatına və qanunsuz malların daşınmasının qarşısının alınmasına təkan verəcək.   
 
Səfir Litzenberqer səfər zamanı ABŞ-nin Azərbaycanın Dövlət Gömrük Komitəsi ilə iyirmi illik münasibətlərini qeyd edərək, kütləvi qırğın silahlarının yayılması və qanunsuz daşınmasının qarşısını almaq üçün etdikləri fəaliyyətlər barədə danışıb. “Ümid edirəm ki, bu yardım bizim 30 il öncə qurduğumuz münasibətlərimizin inkişafında əlavə bir addım olacaq, Azərbaycan və Birləşmiş Ştatların təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verəcək.
 
Biz Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində 30 il ərzində birgə çalışmışıq. Təqdim etdiyimiz rentgen skaynerləri və radarlar kimi avadanlıqların istifadəsi nəticəsində Azərbaycan özünün enerji infrastrukturunu uğurla qoruyub, kütləvi qırğın silahlarının və narkotiklərin daşınmasının qarşısını almaq bacarığını inkişaf etdirmişdir",-deyə səfir vurğulayıb.   .   
 
DGK sədrinin müavini Cavad Qasımov Azərbaycanda narkotik vasitələrin əksəriyyətinin ələ keçirildiyi Astara sərhəd-keçid məntəqəsində çıxış edərək ABŞ-ın verdiyi avadanlıqların, narkotik vasitələrin, silah-sursatın və digər qaçaqmalçılığın qarşısının alınmasında oynadığı rolu qeyd edib.

ABŞ-ın göstərdiyi bu köməyinə görə səfir L.Litzenberqerə minnətdarlığını bildirən Cavad Qasımov  deyib: “Dünyada ABŞ kimi ikinci tərəfdaş yoxdur; siz bu sahədə aparıcısınız”. 
 
ABŞ-nin Müdafiə Departamenti malların qanunsuz daşınması, insan alveri, narkotiklərin daşınması və silahların yayılması sahələrində işlədiyi tərəfdaşların bacarıqlarının inkişafına dəstək verir. ABŞ-nin Qanunsuz Daşınmalara Qarşı Birgə Mərkəzi və Narkotiklərə Qarşı Mübarizəyə dair Administrasiyası ABŞ-nin Səfirliyi ilə birgə çalışaraq Azərbaycana müvafiq sahələrdə apardığı əməliyyatlara dəstək göstərərək öz sərhədlərini və əhalisini transmilli təhlükələrdən, mütəşəkkil cinayət və zorakılıqdan qorumağa yardım edir.     
 
ABŞ-nin Müdafiə Departamentini 2002-ci ildən bəri Azərbaycanın Dövlət Gömrük Komitəsi və digər sərhəd təhlükəsizliyi sahəsində işləyən qurumları ilə fəal şəkildə tərəfdaşlıq edir. 2019-cu ildə təqdim olunan yardımın bir hissəsi olan avadanlıq Azərbaycanın cənub sərhədlərinin mühafizəsinin gücləndirilməsinə, habelə Dövlət Gömrük Komitəsinə Azərbaycana və ya Azərbaycanın ərazisi vasitəsilə daşınılan qanunsuz narkotiklərin və digər malların qarşısının alınmasına yardım edəcək.