logo

BƏƏ-nin ticarət naziri “Dubay Ekspo 2020”də Azərbaycan sərgisində olub

14:44 27-03-2022 | icon 2772
BƏƏ-nin ticarət naziri “Dubay Ekspo 2020”də Azərbaycan sərgisində olub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici ticarət naziri Tani bin Əhməd Al Zeyudi başa çatmaqda olan “Dubay Ekspo 2020” dünya sərgisindəki Azərbaycan pavilyonunu ziyarət edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, nazirə “Gələcəyin toxumları” adlı pavilyonun eksponatları, o cümlədən Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı, həmçinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Nazir Al Zeyudi Azərbaycan pavilyonunda innovativ texnologiyanın ən son nailiyyətləri ilə qədim mədəni irsin vəhdətini yüksək qiymətləndirib və buradakı dizaynın unikal olduğunu deyib.

BƏƏ-nin naziri jurnalistlərə müsahibəsində bildirib ki, hazırda onun ölkəsi ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələr yüksəliş dövrünü yaşayır. Belə ki, ötən il iki ölkə arasında qeyri-neft sektorunda ticarətin həcmi 33 faiz artaraq 2,4 milyard dirhəmə (təqribən 650 milyon dollar) çatıb.

Bərpaolunan enerji istehsalı üzrə uğurlu əməkdaşlığın hər iki ölkənin xalqlarının rifahına xidmət etdiyini vurğulayan nazir deyib ki, BƏƏ ilə Azərbaycan arasında turizm sektorunda da əməkdaşlığın böyük potensialı mövcuddur.