Martın 18-dən etibarən Misirin “AirCairo” aviaşirkəti vasitəsilə Bakı ilə Şarm Əl-Şeyx arasında birbaşa uçuşlar bərpa edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd edilib ki, uçuşlar həftədə bir dəfə olmaqla cümə günləri həyata keçiriləcək.
Qeyd edək ki, Şarm Əl-Şeyx təkcə Misirin deyil, dünyanın ən məşhur turizm şəhərlərindən biridir. O, dünyanın dörd ən yaxşı və ən gözəl şəhərindən biri kimi təsnif edilib. Həmçinin Şarm Əl-Şeyx dünyanın 400 şəhəri arasında namizədliyi UNESCO Mükafatını qazanmaq üçün irəli sürülən beş ən yaxşı şəhəri siyahısına daxildir.
Şarm Əl-Şeyx Misir turizminin ən məşhur və ən gözəl kurortlarından biri hesab olunur, ilboyu möhtəşəm iqlimi və mənzərəli təbiəti ilə seçilir. Şəhərdə ziyarətçilərin tətil və istirahətlərini keçirməsi üçün lazım olan bütün imkanlar mövcuddur. Bundan başqa, dənizdə üzmək, dalğıc və müxtəlif su idman növləri üçün dünyanın ən yaxşı yerlərindən biridir.
Bakı ilə Şarm Əl-Şeyx arasında birbaşa aviareysin bərpası Azərbaycandan Misirin turizm şəhərlərinə turist axınının artırılması istiqamətində mühüm addımdır.
Bundan başqa, ötən bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri arasında silsilə görüşlər və qarşılıqlı səfərlər nəticəsində Misir- Azərbaycan əlaqələrinin inkişafı daha da sürətlənib.