“Qaradağ” Günəş Elektrik Stansiyasına(GES) 225 milyon ABŞ dolları məbləğində investisiya qoyulacaq.
YeniAvropa xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei bu gün keçirilən mətbuat konfransında bildirib.
İl yarıma stansiyanın inşasının yekunlaşmasının nəzərdə tutulduğunu deyən nazir bildirib ki, “Azərbaycan “yaşıl enerji” sahəsində öz siyasətini uğurla həyata keçirir və BƏƏ-nin bu prosesdə iştirak etməsi ikitərəfli strateji tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyət daşıyır.
"“Qaradağ” GES-nin tikintisi karbon qazı tullantılarını ildə iki min tonadək azaltmağa imkan verəcək. Layihənin reallaşdırılması 110 min yaşayış evini elektrik enerjisi ilə təchiz edəcək. Stansiyanın tikintisində 700 nəfərə yaxın işçi çalışacaq. GES istismara verildikdən sonra isə burada 25-30 nəfər işləyəcək. Bundan başqa, tikinti materiallarının 20 faizi yerli bazardan satın alınacaq ki, bu da Azərbaycan müəssisələrinin inkişafı üçün çox vacibdir”,-deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, “Qaradağ” GES-in hesabına 110 min mənzilə elektrik enerjisinin verilməsi mümkün olacaq.