logo

Polşanın “LOT” şirkəti Bakıya aviareys açılmağa hazırlaşır

18:08 24-02-2022 | icon 3017
Polşanın “LOT” şirkəti Bakıya aviareys açılmağa hazırlaşır

Polşanın “LOT” aviaşirkətinin baş əməliyyat direktoru Matsey Vilkin başçılığı ilə nümayəndə heyəti “Azərbaycan Hava Yolları” QSC-nin(AZAL) dəvətinə əsasən, Bakıya işgüzar səfərə gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"dan bildirilib.

Qeyd edilib ki, fevralın 24-də "AZAL"ın ofisində keçirilən görüşdə qurumun vitse-prezidenti Eldar Hacıyev və “LOT” aviaşirkətinin baş əməliyyat direktoru Matsey Vilk əməkdaşlığın perspektivlərini və mülki aviasiyanın aktual məsələlərini müzakirə ediblər.

Görüş zamanı tərəflər, həmçinin epidemiya əleyhinə məhdudiyyətlərdən çıxmaq üçün aviaşirkətlər tərəfindən görülən ardıcıl tədbirlər və sərnişin reyslərinin mərhələli şəkildə bərpa edilməsi haqqında məlumat veriblər.

Eldar Hacıyev qeyd edib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizm və işgüzar münasibətlərin inkişafı üçün əlavə stimul olacaq.

Onun sözlərinə görə, 2020-ci ilin yanvar ayından Azərbaycanın bütün hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli “hava azadlığı” rejimi tətbiq olunur.

“Bu dərəcələr bütün xarici aviadaşıyıcılara Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə heç bir məhdudiyyət olmadan uçuş icra etmək imkanı verir”, - deyə Eldar Hacıyev vurğulayıb.

Matsey Vilk Polşada xaricilərin girişinə qoyulan bir sıra koronavirus məhdudiyyətlərinin aradan qaldırılması fonunda “LOT” aviaşirkətinin Varşavadan Bakıya birbaşa reyslərinin açılmasında maraqlı olduğunu bildirib.

Qonaqlara beşulduzlu Heydər Əliyev Beynəlxalq Aeroportunun imkanları, xüsusilə təyyarələrə göstərilən yerüstü xidmətlər, müxtəlif xidmətlərin fəaliyyəti və aerovağzal kompleksində sərnişinlər üçün yaradılmış rahat şərait də nümayiş etdirilib.