logo

Azərbaycan-İran Hökumətlərarası Komissiyanın iclasına hazırlıq müzakirə edilib

16:56 12-02-2022 | icon 3724
Azərbaycan-İran Hökumətlərarası Komissiyanın iclasına hazırlıq müzakirə edilib

Azərbaycan Respublikası baş nazirinin müavini, Azərbaycan-İran Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev fevralın 12-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfdən həmsədri Rüstəm Qasimi ilə videoformatda görüşüb. Görüşdə, həmçinin hər iki ölkənin müvafiq dövlət strukturlarının nümayəndələri iştirak ediblər.

Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, nəqliyyat-tranzit, energetika, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

Ötən ilin noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə İran prezidenti Seyid İbrahim Rəisi arasında keçirilmiş görüşün tarixi əhəmiyyəti vurğulanaraq, dövlət başçılarının bu görüşü ilə Azərbaycan-İran münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bildirilib.

2022-ci ilin Azərbaycanla İran arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olması ilə əlamətdar olduğu məmnunluqla qeyd edilib.

Koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Azərbaycan-İran ticarət dövriyyəsinin 30 faiz artdığı diqqətə çatdırılıb.

Nəqliyyat-tranzit sahəsində uğurlu əməkdaşlıq xüsusi vurğulanaraq, iki ölkə arasında avtomobil daşımalarının həcminin 2021-ci ildə əhəmiyyətli dərəcədə - 70 faiz artması məmnunluqla qeyd olunub.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi iki ölkə arasında ticarət və nəqliyyat-tranzit sahələrində əlaqələrin inkişafı baxımından prioritet olaraq dəyərləndirilib.

Görüşdə Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi məsələsi, həmçinin Azərbaycanla İran arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi yolları müzakirə edilib.