logo

Neftin hazırkı qiyməti manatın məzənnəsinə ciddi dəstəkdir-AMB 

12:52 12-02-2022 | icon 2702
Neftin hazırkı qiyməti manatın məzənnəsinə ciddi dəstəkdir-AMB 

“Dünya bazarlarında neftin qiymətinin yüksək səviyyədə formalaşması təbii ki, manatın məzənnəsinə ciddi dəstəkdir”.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, neftin qiyməti bilavasitə ölkənin tədiyə balansına, cari hesablar balansına ciddi təsir göstərir. Lakin bunun nə dərəcədə uzunmüddətli olacağı bu gün məlum deyil.

“Bütövlükdə aparıcı beynəlxalq təşkilatlar cari ildə neftin konsensus qiymətini qaldırıblar. Ən azı, bugünkü qeyri-müəyyənliklər şəraitində proqnozlar ancaq cari illə kifayətlənir. Bildiyiniz kimi, hazırda dünya iqtisadiyyatında ciddi turbulentlik var. Federal Rezerv Sisteminin, dünyanın aparıcı mərkəzi banklarının pul-kredit siyasətinin sərtləşdirilməsi istiqamətində addımlar atacağı gözlənilir. Bunların da neftin qiyməti ilə əlaqəsi var. Ona görə də gözləməyi təklif edirəm. Amma cari ildə neftin qiymətinin yüksək formalaşacağı proqnozu Beynəlxalq Valyuta Fondu və bir sıra qurumlar tərəfindən artıq təsdiqlənib. Bu da bizim dövlət büdcəmizdə nəzərdə tutduğumuz qiymətdən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu isə o deməkdir ki, bizim əlavə valyuta ehtiyatlarımız yaranacaq,” – deyə E.Rüstəmov bildirib.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları, məzənnə isə 1 dollar üçün 1,7 manat götürülüb.