Bakıda “Yaponiya-Azərbaycan Dostluq İli - 2022” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
YeniAvropa xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı keçirilən aksiya Müşfiqabad qəsəbəsində baş tutub.
Tədbirdə nazirliyin rəsmiləri, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi, “Itochu” şirkətinin Bakı ofisinin rəhbəri Yasuhiro Nakajima, ekokönüllülər, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universitetinin və ADA Universitetinin “Sakura” klubunun tələbələri, “yapon.az” yapon dili və mədəniyyəti mərkəzinin üzvləri, "Zirvə" liseyi, 225 saylı orta məktəbin müəllim və şagird kollektivi və digər yaponiyasevərlər iştirak ediblər.
İki ölkə arasındakı qarşılıqlı əlaqələrə töhfə vermək məqsədilə keçirilən aksiya zamanı 3 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 3000 müxtəlif cins ağac əkilib.
Bu aksiyanın “Yaponiya-Azərbaycan Dostluq İli”nin açılışı kimi ilboyu keçiriləcək silsilə tədbirlər üçün başlanğıc olduğu xüsusi vurğulanıb.
Qeyd edək ki, sentyabrın 7-də Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin 30 illiyinin tamam olması ilə bağlı 2022-ci il “Yaponiya-Azərbaycan Dostluq İli” kimi qeyd olunur və bir sıra silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb.