ABŞ Səfirliyi Azərbaycan hökumətini "Media haqqında" yeni qanunu ATƏT standartlarına və öz beynəlxalq öhdəliklərinə uyğun şəkildə tətbiq etməyə çağırıb.
YeniAvropa xəbər verir ki, bu barədə səfirliyin "Turan" agentliyinin prezident İlham Əliyevin imzaladığı "Media haqqında" qanuna ABŞ səfirliyinin münasibəti ilə bağlı sorğusuna cavabında deyilir.
ABŞ səfirliyinin rəsmi nümayəndəsinin cavabında deyilir:
"Biz media haqqında yeni qanunun müstəqil jurnalistlərin, KİV sahəsində ekspertlərin və beynəlxalq təşkilatların, o cümlədən ATƏT və Avropa Şurasının fikri nəzərə alınmadan qəbul edilməsindən və imzalanmasından narahatıq.
Prezident Əliyevin imzaladığı qanunu tədqiq etməyə davam edirik və səbrsizliklə bu və digər ekspertlərin bu qanunu təhlil etməsini gözləyirik.
Hökuməti yeni qanunu ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində öhdəliklərinə uyğun şəkildə tətbiq etməyə çağırırıq".
Qeyd edək ki, fevralın 8-də Azərbaycan prezidenti İlham Əliyev ölkə parlamentinin ötən il dekabrın 30-da qəbul etdiyi "Media haqqında" qanunu imzalayıb. Dövlət başçısı qanunun tətbiqi və ondan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman da imzalayıb.
Xatırladaq ki, "Media haqqında" Qanun parlamentdə qəbul edildikdən sonra ABŞ Dövlət Departamenti prezident İlham Əliyevi onu hazırki formada imzalamamağa çağırmışdı.