2021-ci ildə İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 400 milyon dollar təşkil edib.
YeniAvropa xəbər verir ki, bu İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabının qələbəsinin 43 illiyi və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə bu gün keçirdiyi mətbuat konfransında deyib.
S.A.Musəvinin sözlərinə görə, bu rəsmi ticarət dövriyyəsinin rəqəmidir.
Diplomat qeyd edib ki, bu rəqəm iki ölkə arasında ticarət əlaqələrini tam şəkildə ifadə etmir. Belə ki, hər iki ölkə vətəndaşlarının da fərdi ticarəti var ki, bu rəqəm rəsmi hesabatlarda öz əksini tapmır.
"2020-ci illə müqayisədə ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 30 faiz artıb. Azərbaycanın İrana məhsul ixracı 11 faiz artıb. Yaxın gələcəkdə ölkələrarası iqtisadi komissiyanın iclasında qəbul ediləcək qərarlardan sonra iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 1 milyard dollara çatdırılması gözlənilir", - deyə səfir vurğulayıb.