logo

Ağcabədidə sevgilisinin qaynanasını öldürən şəxs həbs edilib

17:44 10-02-2022 | icon 1820
Ağcabədidə sevgilisinin qaynanasını öldürən şəxs həbs edilib

Prokurorluq və polis orqanları əvvəlki illərdə törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində tədbirləri davam etdirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində əvvəlki illərdə törədilmiş qəsdən adamöldürmə cinayətlərinin üstü açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, 1962-ci il təvəllüdlü Faxrəndə İbrahimovanın 2020-ci il fevralın 23-də Ağcabədi şəhərindəki evinin həyətində ölmüş vəziyyətdə aşkarlanması faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

İstintaqla Yevlax rayonunun Bəydilli kənd sakini, 1992-ci il təvəllüdlü Cəfərov Seymur Elxan oğlunun 2020-ci il fevralın 22-də saat 01 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən, onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olmasının ifşa edilməsinin qarşısını almaq məqsədilə bundan xəbərdar olan sonuncunun qaynanası Faxrəndə İbrahimovanı çarpayıda uzanıqlı vəziyyətdə yastıqla ağız nahiyəsinə sıxıb qəsdən həyatdan məhrum etməsinə əsaslı şübhələr müəyyən olunub.

Seymur Cəfərov 2022-ci il fevralın 8-də Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, əvvəlki illərdə törədilmiş daha bir qəsdən adamöldürmə cinayətinin də üstü açılıb. Belə ki, Şabran rayon sakini 1970-ci il təvəllüdlü Bəsti Əliyevanın 2011-ci ildə oğlu 1990-cı il təvəllüdlü Elvin Dadaşov tərəfindən qəsdən öldürüldüyü müəyyən olunub.

Elvin Dadaşov Şabran Rayon Prokurorluğunda dindirilərkən həmin tarixdə anası Bəsti Əliyevanı yaşadıqları mənzildə boğaraq öldürdüyünü, daha sonra onu həyətdə basdırdığını etiraf edib və meyiti basdırdığı yeri göstərib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə həmin ərazidə qazıntı işləri aparılıb və oradan insan skeletinin sümükləri aşkarlanıb.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Elvin Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.