Fevralın 21-də Bakıda təşkil olunacaq “Doing business Azerbaijan & Udmurtia” forumu Udmurtiya nümayəndə heyətinin Azərbaycana rəsmi səfərinin başlıca hadisəsi olacaq.
YeniAvropa xəbər verir ki, forum Udmurtiya nümayəndə heyətinin rəsmi səfəri çərçivəsində keçiriləcək. İşçi proqramda Udmurtiya və Azərbaycanın dövlət hakimiyyətinin, biznesin, ictimai təşkilatların və tədris müəssisələrinin təmsilçiləri iştirak edəcəklər.
Qeyd edək ki, müzakirə üçün əsas mövzu Udmurtiyanın ixrac potensialı və istehsalat imkanlarının təqdimatı olacaq. Rusiya regionunun şirkətləri Azərbaycanda neft-qaz, dəmir yolu və tikinti sahələri üçün avadanlıq, kimya sahəsi və metal prokat məhsulları, mebel və komplektləşdirmə, süd məhsulları, qablaşdırma, iş proseslərinin avtomatlaşdırılması üçün proqram təminatı təqdim etməyi planlaşdırırlar. Bundan başqa, Udmurtiyanın ali məktəblərinin təmsilçiləri Azərbaycan məktəblilərini Rusiyada təhsil almağa dəvət etmək və təhsil xidmətləri sahəsində təcrübələrini bölüşmək niyyətindədirlər.
Görüşün moderatoru qismində Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov çıxış edəcək.