“İmişli rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin (PHŞ) vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
İmişli rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırma zamanı xəstəxananın 2018-ci il yanvarın 1-dən 2021-ci il mayın 25-dək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən PHŞ-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri və digər qanunsuz əməlləri nəticəsində külli miqdarda dövlət əmlakının mənimsənilməsinə və israf olunmasına, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı İmişli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə təqsirli şəxs və ya şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində istintaq tədbirləri etdirilir.