Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bölməyə Neftçala rayon sakini, əvvəllər məhkum edilmiş Cahid Bağırovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı verilib. Həmin şəxs odlu silahı 5 min manata satmaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən “Kalaşnikov” markalı avtomat, 6 patron və həmin silaha məxsus daraq aşkarlanaraq götürülüb. Cahid Bağırov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Araşdırma zamanı onun Yasamal rayonunda evlərdən birindən təmir-tikinti aləti oğurladığı da müəyyən edilib.
Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı isə narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan Fərid Ayvazov və narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xəqan Yusupov saxlanılıblar. Onların üzərindən heroin və metamfetamin aşkar olunub.
Əməliyyatlar zamanı saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.