logo

Daha bir "İctimai Nəzarət Şurası"nın rəhbərinə cinayət işi açılıb 

14:54 08-02-2022 | icon 1652
Daha bir "İctimai Nəzarət Şurası"nın rəhbərinə cinayət işi açılıb 

Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya cinayətləri törədən şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən məqsədyönlü tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəllər törətdiyi dələduzluq və saxta sənədlər hazırlama kimi cinayət əməllərinə görə məhkum olunmuş Ramil Şükürovun müvafiq qaydada dövlət qeydiyyatından keçirilmədən qanunsuz yaratdığı “Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın fəaliyyətinə cəlb etdiyi digər şəxslərlə mütəşəkkil dəstə şəklində törətdiyi qanunsuz əməllər barədə daxil olmuş müraciət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində əməliyyat-axtarış tədbirləri keçirilib.

Aparılmış əməliyyat tədbirləri ilə qeyri-qanuni formada fəaliyyət göstərən qurumun ofisində axtarış aparılarkən Ramil Şükürov və yaratdığı şuranın digər üzvlərinin qanunsuz əməllərinə dair iş üzrə əhəmiyyət kəsb edən çoxsaylı sübut və məlumatlar aşkarlanıb. Həmçinin cinayətkar şəbəkə şəklində təşkilatlanmış qurumun respublikanın bir çox rayon və şəhər üzrə bölmələrinin mövcud olması, xidməti vəsiqələr verilməklə yüzlərlə üzvlərin cəlb edildiyi bu yerli strukturların hər biri üzrə sədr, müavin və digər vəzifələrə təyinatların aparıldığı, habelə şuranın rəhbər şəxslərinin guya aztəminatlı ailələrin yaşayış və maddi vəziyyəti ilə bağlı problemlərinin həlli, eləcə də şəhid və qazi ailələrinə yardım edilməsi adı ilə ayrı-ayrı vətəndaşlardan toplanılan ianə pullarını mənimsəmələrinə şübhələr müəyyən olunub.

Bundan başqa, keçirilmiş əməliyyat tədbirləri zamanı Ramil Şükürovun tanışı Aslanlı Elçin Heydər oğlu ilə qabaqcadan əlbir olaraq Bakı şəhəri ərazisində yerləşən ikimərtəbəli obyektin üçüncü mərtəbəsinin inşa edilməsinə rəsmi dövlət qurumlarından müvafiq icazələrin alınmasında kömək göstərilməsi ilə əlaqədar ona müraciət etmiş şəxsə özünün guya geniş əlaqələrinin olduğu aidiyyəti dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxsləri vasitəsilə həmin məsələni müsbət şəkildə həll edə biləcəyi barədə yalan vəd verərək, həmin məqsədlə vətəndaşdan tələb etdiyi 100 min manat məbləğində pulun müəyyən hissəsini ələ keçirməsinə əsaslı şübhələr yaranıb.

Habelə Ramil Şükürovun rəhbərlik etdiyi qurumun qazilər və veteranlarla iş üzrə sədr müavini vəzifəsində işləyən İbrahimov Koroğlu Yelmar oğlu ilə qabaqcadan əlbir olaraq Ağdam rayonu, Xındırıstan kənd musiqi məktəbinə direktor təyin edilməsində kömək göstərilməsi üçün ona müraciət etmiş şəxsə guya həmin sahə üzrə məsul qurumun səlahiyyətli vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olduğunu yalandan bildirib özü barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək vətəndaşdan 17 min manat məbləğində pul vəsaitini alaraq Koroğlu İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr yaranıb.

Bundan əlavə, Ramil Şükürovun ona müraciət etmiş Hacıqabul rayon sakinindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş övladının azad edilməsi üçün guya aidiyyəti vəzifəli şəxslərə rüşvət verəcəyi adı ilə aldığı 12 min manat pulu ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

Eləcə də, sonuncunun tanışı Elçin Aslanlının vətəndaşın faktiki istifadəsində olan Tovuz rayonu ərazisindəki torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün müvafiq dövlət orqanlarının yaxın əlaqədə olduğu vəzifəli şəxslərinə rüşvət verəcəyi adı ilə ondan aldığı 22 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə, bununla da həmin şəxslərin həmin hərəkətləri ilə vətəndaşları təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr yaranıb.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, hər üç şəxs şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2-ci (dələduzluq- təkrar törədildikdə), 178.2.3 (dələduzluq- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrarən rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən bu və digər yeni halların, Ramil Şükürovun rəhbərlik etdiyi qurumun üzvləri tərəfindən törədilmiş digər çoxsaylı oxşar qanunsuz əməllərin, habelə cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu həmin şəxslərin qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən bu barədə 961 – “Çağrı Mərkəzi” və 161 – “Qaynar xətt" əlaqə mərkəzinə müraciət etmələrini xahiş edir.