İmişli rayon İcra Hakimiyyəti başçısının Hacırüstəmli kənd icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlər vermələri ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, araşdırmalarla Hacırüstəmli kənd üzrə icra nümayəndəsi Yavər Şıxalıyevin kənd icra nümayəndəliyinin mühasibi İkram Şeyxalıyev və həmin kəndin tibb məntəqəsində qeyri-rəsmi diş texniki işləmiş Fərahim Yadigarov ilə cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərə COVID-19 əleyhinə peyvənd olunmamalarına baxmayaraq, onların “e-TƏBİB” sistemində peyvənd olunmuş kimi qeydiyyata alınmalarını təmin etməsinə əsaslı şübhələr müəyyən olunub. Faktla əlaqədar İmişli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.