“TEKNOFEST Azərbaycan”da yarışlar 10 müsabiqə üzrə keçiriləcək
Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il mayın 26–29-da ilk dəfə olaraq baş tutacaq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına dair fevralın 7-də mətbuat konfransı keçirilib.
YeniAvropa xəbər verir ki, mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TEKNOFEST” Müşahidə Şurasının sədri və “Türkiye Teknoloji Takımı Vakfı”nın (T3 Vakfı) rəhbəri Selçuk Bayraktar festivalla bağlı çıxış ediblər.
Bildirilib ki, “TEKNOFEST” Türkiyədə Sənaye və Texnologiya Nazirliyinin və T3 Vakfının birgə təşkilatçılığı, qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Festivalın keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Mətbuat konfransında qeyd edilib ki, Azərbaycanın ev sahibliyi edəcəyi irimiqyaslı “TEKNOFEST Azərbaycan” böyükdən kiçiyə hər kəsin maraq dairəsinə uyğun tədbirlərlə zəngin olacaq. Mayın 26-29-da “Bakı Kristal Zalı” və Dənizkənarı Bulvar ərazisində keçiriləcək festival türk və azərbaycanlı pilotların təqdimatında aviaşou, yarış və müsabiqələrin möhtəşəm final mərhələləri, sərgilər, əyləncəli attraksionlar, Azərbaycan və Türkiyə aviatexnikasının nümayişi, “TAKE OFF” Azərbaycan startap sammiti, konsert proqramı və digər sürprizlərlə yadda qalacaq.
“TEKNOFEST Azərbaycan” çərçivəsində yarışlar “Robotexnika”, “Yaşıl texnologiyalar (GreenTech)”, “Aqrar texnologiyalar (AgriTech)”, “Pilotsuz uçuş aparatları (PUA)”, “Həvəskar peyk modelləşdirilməsi”, “Sosialyönümlü texnologiyalar”, “Smart Qarabağ” Hakatonu, “Sailplaner”, “Baku Skills”, “Rocket League” oyunu üzrə Avropa kuboku daxil olmaqla 10 müsabiqə üzrə keçiriləcək.
Yarışlar üzrə əsas tərəfdaş qismində Energetika Nazirliyi, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “AzInTelecom” MMC, “Azərkosmos” ASC, Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Kiber İdman Federasiyası, Azərbaycan Beynəlxalq Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyi çıxış edirlər.
“Robotexnika” müsabiqəsi insana gündəlik həyatda faydalı olan və ya istehsalatda işinin müəyyən bir hissəsini yerinə yetirən, hətta əyləncəyə çevrilə bilən robotların dizaynını hədəfləyir.
“Yaşıl Texnologiyalar (GreenTech)” müsabiqəsi bərpa olunan enerji mənbələrindən istifadə, yeni texnologiyaların təşviqi, cari texnologiyaların təkmilləşdirilməsi, təbii sərvətlərdən ehtiyatlı istifadə və gələcək nəsillərə ötürülməsini təmin edən, həmçinin sıfır tullantı hədəfinin həyata keçirilməsini asanlaşdıracaq texnologiyalar üzrə mövzuları əhatə edir.
“Aqrar texnologiyalar (AgriTech)” müsabiqəsi “Əşyaların interneti” və süni intellekt kimi texnoloji həllərin tətbiqi ilə meyvəçilik, tərəvəzçilik və heyvandarlıq sahələrində məhsuldarlığın artırılmasına, eləcə də su resurslarından səmərəli istifadəyə yönəlmiş layihələr arasında keçirilir.
“Pilotsuz uçuş aparatları (PUA)” müsabiqəsinin şərtlərinə əsasən, komandalar tərəfindən uçuş aparatı dizayn edilir. Müsabiqədə komandalara özlərinin dizayn etdikləri PUA-ları nümayiş etdirmək şansı verilir.
“Həvəskar peyk modelləşdirilməsi” müsabiqəsi (CANSAT) kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqları formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Bu müsabiqədə qarşıya qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına şərait yaradır.
“Sosialyönümlü texnologiyalar” müsabiqəsi fərdlərin öz sosial məsuliyyət məlumatlılığı ilə texnoloji bilik və təcrübələrini inteqrasiya edərək cəmiyyət üçün faydalı layihələr ərsəyə gətirmələrinə dəstək olmaq məqsədi daşıyır. İnsan həyatına təsir edən bütün sahələrdə innovasiya və texnoloji inkişafla tətbiq olunacaq layihələrin hədəfində faydalılıq, cəmiyyətə töhfə dayanır.
“Smart Qarabağ” Hakatonu ilə Qarabağın dirçəliş proqramında yaxından iştirak etmək istəyən və “Ağıllı şəhər” konsepsiyasına dair innovativ layihələri olan tələbələr, startaplar və sahibkarlar üçün unikal təqdimat imkanı yaradılır. Hakaton təhsil, kənd təsərrüfatı, nəqliyyat, ev təsərrüfatı, enerji sərfiyyatı, su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edir.
“Sailplaner” müsabiqəsi gənclərin təyyarə modeli hazırlamasına və təyyarə konstruktoru qabiliyyətinin inkişafına yönəlib.
“Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasından istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir. Müsabiqədə iştirakçıların 3D printerlərdən istifadə etməklə yaratdığı layihələrdə onların təsəvvür qabiliyyəti və dizaynlarını realizə bacarıqları yoxlanılır.
“Rocket League” oyunu üzrə Avropa kuboku çempionatı populyar videooyunlar üzrə gənclər arasında keçirilən çempionatdır.
Müsabiqələrə qoşulmaq üçün “teknofest.az” saytı üzərindən qeydiyyatdan keçmək lazımdır.
Hər kateqoriya üzrə 1-ci, 2-ci və 3-cü yer sahibləri üçün diplom və pul mükafatları nəzərdə tutulub. Müsabiqədə iştirak edən hər kəsə iştirak haqqında sertifikat təqdim olunacaq. Müvafiq yarışlarda yuxarı sinif şagirdləri, tələbələr, startaplar və sahibkarlar iştirak edə bilərlər. Bir sözlə, “TEKNOFEST Azərbaycan” məktəblilər, tələbələr, startapçılar və sahibkarlar, ümumilikdə gənclər üçün yeni fürsətlər açır.
Tədbirin davamında Türkiyədən gəlmiş bir qrup tələbə səhnəyə dəvət edilib və əyalət tələbələrinin möhtəşəm uğuru barədə məlumat verilib. Bildirilib ki, Türkiyənin “Grizu-263A” adlı ilk mini-peyki İlon Maskın “SpaceX” raketi ilə kosmosa göndərilib. Peyk Türkiyənin Zonquldak şəhərindəki Bülent Ecevit Universitetinin Mühəndislik fakültəsi tələbələri tərəfindən hazırlanıb. 1992-ci ildə Zonquldak mədənində baş vermiş partlayış nəticəsində həlak olmuş mədənçilərin adını daşıyan peyk kosmosa ABŞ-ın Floridadakı “Cape Canaveral” kosmodromundan qalxıb. Peyk təxminən 525 kilometr yüksəklikdə 4 il 8 ay müddətində xidmət göstərəcək.
Sonra “Robotexnika” müsabiqəsinə qatılmış, 6 şəhid övladından ibarət “Zəfər” komandasının təqdimatı dinlənilib. Şəhidlərimizin yadigarları “TEKNOFEST”in ölkəmizdə keçiriləcəyi xəbərini çox sevinclə qarşıladıqlarını və iştirak etməkdən məmnun olduqlarını dilə gətiriblər.
Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Xatırladaq ki, İstanbulda keçirilmiş “TEKNOFEST 2021”də Azərbaycan pavilyonunda 11 startapımız nümayiş etdirilib. Startaplar kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, videooyunlar kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə yeni texnologiyaları əhatə edib.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb