Milli Məclisin deputatı Cavanşir Feyziyev bir qrup azərbaycanlı jurnalisti və vətəndaş cəmiyyəti nümayəndələrini təhqir etdiyi qalmaqallı paylaşımını silib.
YeniAvropa xəbər verir ki, bu barədə deputatın təhqirlərlə dolu paylaşımı bu gün onun rəsmi "Facebook" səhifəsindən yoxa çıxıb.
Xatırladaq ki, Cavanşir Feyziyev bir qrup azərbaycanlı jurnalisti - Rauf Arifoğlu, Eynulla Fətullayev, Xalid Kazımlı, Əvəz Zeynallı, Xədicə İsmayılova, Zaur Qəriboğlu, Elnur Məhərrəmli, Osman Gündüz, Sevinc Telmanqızı və Azərbaycan vətəndaş cəmiyyətinin bir çox nümayəndələrini təhqir edib. Deputat Böyük Britaniyada səs-küylü məhkəmə prosesini işıqlandıran jurnalistləri “reketlər” və “Qərb agentləri” adlandırıb.
Bununla yanaşı, Cavanşir Feyziyevin səhifəsində Mətbuat Şurasının sədri Əflatun Amaşova ünvanlanan müraciəti yer alıb. Həmin müraciətdə deputat onun Mətbuat Şurasının İdarə Heyətinin üzvü vəzifəsindən istefasını qəbul etməyi xahiş edir.
Eyni zamanda, Cavanşir Feyziyev tərəfindən təhqir edilən jurnalistlər bu gün Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edərək, deputat Feyziyevin barəsində müvafiq intizam tədbirlərinin görülməsini və onun cəzalandırılmasını tələb ediblər.