Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
YeniAvropa xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. M.Mahmudov məhkəməyə ailəli olduğunu, lakin Ukraynaya gedəndən sonra boşanması barədə qətnamə gəldiyini deyib. O, səhhətində problemlər olduğunu və müalicəsinə şərait yaradılmasını məhkəmədən xahiş edib.
Məhkəmə bununla bağlı Bakı İstintaq Təcridxanasına sorğu veriləcəyini bildirib.
Məhkəmə baxışı fevralın 14-nə təyin edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş M.Mahmudov ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
90 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan M.Mahmudov həmçinin Cinayət Məcəlləsinin 183.2.2-ci (Xüsusi dəyəri olan əşyaları talama) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib. Zərərçəkmişlərin arasında müğənnilər - Afət Fərmanqızı və Vasif Məhərrəmli də var. M.Mahmudov onların barəsində təhqiramiz videolar yaymaqla şantaj edib və müxtəlif məbləğlərdə pullarını alıb.