Fevralın 6-sı saat 17 radələrində Goranboy rayonunun Qarasüleymanlı kənd sakinləri 1970-ci il təvəllüdlü Pərviz Namazovun və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın öldürülmələri barədə rayon prokurorluğuna məlumat verilib.
Goranboy rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişlərin həmkəndlisi, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevin torpaq mübahisəsi ilə əlaqədar aralarında yaranmış münaqişə zamanı Pərviz Namazova və Səlmi Namazovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlham Haqverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.