Yanvarın 5-də Masallı rayonunun Ərkivan qəsəbə kənd sakini 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin iki gün əvvəl itkin düşməsi barədə qardaşı İlqar Cəbiyevin müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində törədilmiş gizli cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Qalib Cəbiyevin rayon ərazisində qəsdən öldürülməsi müəyyənləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, araşdırmalarla Qalib Cəbiyevin yanvarın 3-də, gecə saatlarında aralarında yaranmış mübahisə zamanı qardaşı 1983-cü il təvəllüdlü Seyfulla Cəbiyev tərəfindən qəsdən öldürülməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti birgə yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən Seyfulla Cəbiyevin iştirakı ilə hadisə yerinə baxış keçirilib, cəsəd gizlədilmək məqsədi ilə basdırılmış yerdə aşkarlanaraq məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seyfulla Cəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.