Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü, 181.2.4-cü, 181.2.5-ci, 234.1-ci, 67-ci, 66.3-cü, 93.1.2-ci və 317.2.1-ci maddəsi ilə təqsirli bilinərək doqquz il yeddi ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rəşad Əliabbas oğlu Zərbəliyevin yanına qısa müddətli görüşə gəlmiş Kürdəmir rayon sakini Emin Salman oğlu Abdullayevin əşyalarına və üzərinə baxış keçirilib. Baxış zamanı onun ayaqqabısının içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 4,512 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 1,167 qram olan psixotrop maddə - metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.